Millət vəkili: "Qiymət artımına getmək olmaz"
Milli Məclis banklarla bağlı məsələyə baxmalıdır. APA TV-nin xəbərinə görə, millət vəkili Vahid Əhmədov deyir ki, bu gün banklar əmanətləri 10-12 faiz dərəcəsində qəbul etdikləri halda kreditləri 30-35 faizə verir: “Bu gün əhalinin əksəriyyəti banklara borcludur. Öz evlərini, mülklərini banklara girov qoyublar. Məsələ çox ciddidir. Mən xahiş edirəm, Milli Məclisdə bu məsələyə baxılsın. Ya göstəriş verilsin, iqtisadi siyasət komitəsində bu problem müzakirə, ya da Milli Məclisin sessiyasına çıxarılıb, həll edilsin”.
Dövlət qulluqçularının maaşlarının azlığına toxunan millət vəkili kommunal xidmətlərlə bağlı tariflərin artırılması məsələsinə də münasibət bildirib: "Kommunal xidmətlərin biz kommunal xərclərin artması büdcə də 15 faiz nəzərdə tuturuq. Əlbəttə bu 15 faiz böyük rəqəmdir. İxtisascı da baxır büdcəyə, başa düşür ki, 15 faiz maaş artımı ola bilməz. Yəqin ki, hansısa kommunal xidmətin artırılması nəzərdə tutulur. Əgər belə bir hal varsa, əhaliyə demək lazımdır ki, insanlar bilsin. İkincisi də ölkədə olan vəziyyəti nəzərə alaraq, ümumiyyətlə birinci yarım ildə qiymət artımına getmək olmaz".
Millət vəkili bildirib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru təhlil olunmalı və dövlət büdcəsinə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinin yolları araşdırmalıdır.