Azərbaycan prezidenti: "İyirmi birinci əsr türk əsri olacaq"

“Dağlıq Qarabağ problemi Azərbaycanın nə səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir. Problemin sülh yolu ilə həlli məsələsində Azərbaycana şərtsiz dəstəyimiz davam etməkdədir”. 

 

APA TV-nin xəbərinə görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.

 

Azərbaycanla əlaqələrin mükəmməl şəkildə davam etdiyini söyləyən Rəcəb Tayyip Ərdoğan siyasi sahədə münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və əsas məqsədin 2020-ci ildə bu rəqəmi 15 milyard dollara çatdırmaq olduğunu qeyd edib.

Türkiyə baş naziri viza məsələsinə də toxunub və bu işlə iqtisadiyyat nazirlərinin məşğul olacaqlarını bildirib. 

"İyirmi birinci əsr türk əsri olacaq. Gələcəkdə biz böyük uğurlara imza atacağıq».

Bu fikirləri isə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev səsləndirib. Türkiyə və Azərbaycanın bir-birinə ən yaxın ölkələr olduqlarını ifadə edən prezident İ. Əliyev «Türkiyənin gücü Azərbaycanın gücüdür» deyib.

 

Prezident TANAP layihəsini  ən böyük enerji layihələrindən biri adlandırıb: "Türkiyə və Azərbaycan bunu bacardı. Enerji və siyasi proqramlarda birgə addımlayırıq. Ən böyük sərmayələri Türkiyəyə yatıracağıq”.

 

Ankarada prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclası keçirilib.


Türkiyə hökumət binasında keçirilən toplantıda ticarət həcminin artırılması, energetika, regional məsələlər və iqtisadi əlaqələr əsas müzakirə mövzusu olub.

 

Müəllif | Apa.Tv
Apa.tv