BƏDBƏXT HADİSƏ: 6-cı mərtəbədən liftin şaxtasına düşüb öldü
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini bədbəxt hadisənin qurbanı olub. Vətəndaşın liftin şaxtasına düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat daxil olan kimi nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Qaraçuxur qəsəbəsi, Yusif Ayvazov küçəsinə yollanıblar.
APA TV-nin xəbərinə görə, hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1954-cü il təvəllüdlü Sərdar Səlimov lifti gözləyən zaman ehtiyatsızlıqdan boş şaxtaya düşüb. Nəticədə o, altıncı mərtəbədən birinci mərtəbəyə düşərək ölüb. Keçirilən xüsusi əməliyyat nəticəsində meyit şaxtadan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.