Çörək və şirniyyat sexlərində ürəkbulandıran görüntülər
Ucar rayonunda çörək bişirmə və şirniyyat sexlərində, dönərxanalarda reyd keçirilib.
APA TV-nin xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidməti Ucar şəhəri Heydər Əliyev prospekti-21 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Elxan Qurbanova məxsus çörəkbişirmə sexində yoxlama aparıb.
Reyd zamanı müəssisənin qanunvericiliyin tələblərinə zidd olaraq, istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərdiyi, çörəkbişirmə sexində gigiyena və sanitar norma və qaydalara əməl olunmadığı, istehsalda tələb olunan uyğunluq və gigiyenik sertifikatları və ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunduğu aşkarlanıb.
Reyd zamanı sexdə istehsal sahəsinin şəraiti yolverilməzdir, xammalın - unun, duzun, yağın saxlanma şəraitində nöqsanlar aşkar edilib. İstehsal prosesində natəmizlik qeydə alınıb. Müəssisədə su filtrizasiyadan keçirilmədən birbaşa istehsalatda istifadə olunur. Bişirilmiş çörəyin saxlanılmasında və satış üçün daşınmasında normativ tələblər qorunmur. Mütəxəssislərin sözlərinə görə, çörək rəflərə yığılmır və üstü örtülmür. Çörək natəmiz şəkildə saxlanılan minik maşının oturacağının üstündə və yük yerində daşınır. Aşkar olunan nöqsanlara görə fiziki şəxs Elxan Qurbanovun rəhbərlik etdiyi müəssisədə çörək istehsalı və satışı qadağan edilib.
Reyd keçirən xidmət tərəfindən həmin çörəkbişirmə sexinə iradnamə və tələbnamə verilib, Müəssisəni 1500 manatdan 2000 manatadək cərimə gözləyir. Müəssisə aşkarlanan nöqsanları aradan qaldırmadan qeyr-qanuni şəkildə fəaliyyətə başlayarsa, yenidən cərimələnəcək. Daha sonra Xidmət tərəfindən Ucar şəhərində şirniyyat sexində və dönərxanada reyd keçirilib. Orada aşkar edilən nöqsanların aradan qaldırılması üçün sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib.
Rayonda bu cür müəssisələrdə reydlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.