İşğal olunan beş rayonun geri qaytarılması mümkündürmü?
“İşğal olunan beş rayonun geri qaytarılması məsələsi qeyri-ciddidir”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. Onun fikrincə, belə mövqelərin qabarmasında hansı dairələrin maraqlı olduğunu təyin etmək xeyli çətindir. Çünki, ilk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan ərazilərinə bütöv halında yanaşılmalıdır. Hansısa kiçik bir hissənin geri qaytarılması fonunda ermənilərin öz əbədi istəyinə nail olunmasına getmək tarixi səhv olardı: "Ölkə rəhbərinin indiyə qədər tutduğu sərt mövqenin də məntiqi odur ki, heç bir halda ermənilər Azərbaycana özlərinin adlandırdığı bufer zonanı qaytarmaqla Qarabağa sahiblənməsinə getmək olmaz. Çünki bu tarixi səhvin təkrarı adlandırıla bilər. Əlbəttə ki, kimsə onu bizə sübut edə bilsə ki, məsələ burada heç bir halda Azərbaycanın iradəsinin əleyhinə bir sazişə qoşmamaqdır, onda rayonların qaytarılması mövzusunun nədən ibarət olduğunu detallı təhlil etmək olar".
Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafanın fikrincə, bununla bağlı dərc olunan məqalədə Türkiyənin arzuları əks olunur. Belə ki, rəsmi Ankara İrəvanla hər hansı bir danışıqlara başlamazdan öncə bu məsələni gündəmə gətirir: "Bu ideya Azərbaycanı nə dərəcədə qane edəcək, bu hələ sual altındadır. Çünki, biz beş rayonun davasını vermirik, biz ümumiyyətlə problemin həlli davasını edirik. Çünki, beş rayonun lap Azərbaycana verilməsi bölgədə təhlükəsizliyi təmin etmirsə, bizim üçün qalıcı sülh ortaya qoymursa, Qarabağın yurisdiksiyasını Azərbaycana aid olmasını təsdiqləmirsə, bunu bizim üçün hələ marağımıza uyğun olan addım kimi dəyərləndirmək mümkün deyil.
Ermənistanın işğal etdiyi beş rayonu qaytarmağa hazır olması ilə bağlı xəbər Türkiyənin hakim dairələrinə yaxın “Todays Zaman”da dərc olunmuş məqalədə yer alıb. Qəzetin məlumatına görə, Azərbaycan bəyan edib ki, əgər İrəvan ən azı Dağlıq Qarabağ ətrafındakı 7 işğal olunmuş rayondan 5-ni qaytararsa, Türkiyə - Ermənistan sərhədinin açılmasına etiraz etməyəcək.