Şeyx: "Ömrümdə özümə zəncir vurmamışam"
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının bu il Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, "Təzəpir” Məscidində də Aşura mərasimi keçirilir. Mərasimə paytaxtdan, eləcə də ətraf kənd və qəsəbələrdən qoşulan insanlar vardı. Eyni zamanda təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyacı olanlar üçün Kərbəla şəhidlərinin xatirəsinə könüllü qan verilmə aksiyası da keçirilir.
APA TV-nin xəbərinə görə, Səhiyyə Nazirliyinin labaratoiya müdiri Elxan Nağıyev deyir ki, Aşura münasibəti ilə QMİ və SN-in birgə təşkilatçılığı ilə Bakıda və regionlarda 14 ziyarətgah və məscidlərdə saat 8-dan başlayaraq könüllü qanvermə aksiyası təşkil olunub: "18 yaşından aşağı olanların qan verməsi yasaqdır. Burda əvvəlcə hər bir qan verən şəxsin təzyiqi və ümumi durumu yoxlanılır. Daha sonra hemoqlabinin səviyyəsi ölçülür. Götürülən qanın qan bankında bütün infeksiyaları yoxlanılır".
Sakinlər aksiyada həvəslə iştirak etdiklərini deyiblər. Aksiyaya Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, QMİ sədrinirn müavini, İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, “Təzəpir” məscidinin axundları da qoşuldular. Allahşükür Paşazadə bildirdi ki, müstəqillikdən sonra Aşura günü ilə bağlı tədbirlər daha qanunauyğun keçirilir: "İnsan özünə əziyyət verməməlidir. Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseynin də ruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər".
Ötən il Aşura mərasimi ilə əlaqədar keçirilən qanvermə aksiyasında 4008 nəfər qan verib ki bu il bu rəqəmin 5 mini keçəcəyi gözlənilir.