Bakıda avtomobil körpüdən aşdı: 2 ölü, 3 yaralı
Bakı-Ələt magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Meyitlərdən birini maşından çıxarmaq mümkün olmayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından APA TV-yə verilən məlumata görə, yaralılar ora gətirilib. Onlardan birinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar arasında polis əməkdaşı da var.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın ikinci qurbanının və yaralanan şəxslərin adları açıqlanmayıb.