Pensiyalar artacaq

Dövlət Sosial Müdafiə Fondunun 2014-cü ildə gəlirlərinin ötən illə müqayisədə 11 faiz artacağı proqnozlaşdırılır. APA TV-nin xəbərinə görə, Fondunun sədr müavini Elman Mehdiyev bildirib ki, ölkədə pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım olacaq. Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı isə dəyişməyəcək: "Pensiyaların orta aylıq məbləği 10,8% artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9% artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6% artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4% artaraq 131 manata çatacaq”.

 

Millət vəkili Hadi Rəcəbli isə bildirib ki, 1 milyon 300 min insanın vəziyyətinin yaxşılaşmasına xidmət edən və həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb. Azərbaycanda əlilliyin artması məsələsinə toxunan komitə sədri deyib ki, dünya praktikasında ölkə əhalisinin 10 faizinin əlil statusu alması normal hesab olunur: "Əlliliyə görə, əmək pensiyası alanların sayı 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdısa, gələn ilə proqnozlaşdırılan rəqəm 346 min nəfər təşkil edəcək. 6 ilə bu rəqəm təxminən 61 min nəfər artacaq. Əgər nəzərə alsaq ki, ölkədə bütövlükdə əlillərin artım tempi ilə  bu dedikcə gülməli və məntiqə sığmayan bir rəqəmdir".

 

Millət vəkili Hadı Rəcəbli bildirib ki, gələn il üçün yaşayış minimumu haqqında qanun layihəsinə əsasən, ölkə üzrə bu göstəricinin cari ildəki 116 manatdan 125 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 125 manatdan 136 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 93 manat və 94 manatdan 103 manatadək artırılması nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv