Ötən il Azərbaycanda 141 insan alveri faktı aşkarlanıb
Ötən il Azərbaycanda 2015-ci illə müqayisədə insan alveri ilə bağlı 30 faiz çox əməliyyat-profilaktik tədbirlər həyata keçirilib və 141 insan alveri faktı aşkarlanıb. Bu barədə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov Milli Məclisdəki illik hesabatında deyib. Onun sözlərinə görə, ötən müddət ərzində 15 cinayətkar qrup zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Bu qurbanların reabilitasiyası üçün də müvafiq tədbirlər görülüb. V. Eyvazov bildirib ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb.
"Miqrantların məcburi əməyə cəlb olunmasının qarşısının alınması çərçivəsində ölkədə yaşama qaydalarını pozan 5523 əcnəbi Azərbaycandan çıxarılıb. Reydlər zamanı küçə həyatı sürən, dilənçilik edən, qeyri-qanuni əməyə cəlb edilən 600-ə yaxın azyaşlı müəyyən edilib. 240 valideyn barəsində inzibati tədbirlər görülüb".
Deputat Qənirə Paşayeva isə qadınların cinsi istismara məruz qalması faktlarından narahatlığını bildirib. O, bütün cəmiyyəti insan alverinə qarşı mübarizədə daha fəal olmağa çağırıb və bəzi qanunların tezliklə qəbulunun vacibliyini vurğulayıb.
Müzakirələrdən sonra hesabat qəbul olunub.