ARDNŞ və BP arasında saziş imzalanıb
Bakıda miqrasiya və milliləşdirmə sahəsində əməkdaşlıq sazişinin imzalanması mərasimi keçirilib.
“BP-Azərbaycan” şirkətinin insan resursları idarəsinin rəhbəri, şirkətin vitse-prezidenti Leyla Novruzova mərasimdə çıxış edərək bildirib ki, “BP-Azərbaycan” şirkəti milliləşdirmə proqramını genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, bu proqram 18-24 aylıq olacaq.
Leyla Novruzova qeyd edib ki, artıq 53 nəfərdən ibarət ilk proqram həyata keçirilib. Bundan başqa, artıq Xəzər Universitetində kimyəvi mühəndislik kafedrası açılıb. Burada 2 müasir standartlara uyğun laboratoriya yaradılıb. Artıq burada da 240 nəfər azərbaycanlı mütəxəssis təcrübə keçib. Gələn ilin sonuna qədər “BP-Azərbaycan” şirkəti milliləşdirmə siyasətini başa çatdıracaq.
ARDNŞ Sərmayələr departamentinin rəis müavini Teymur Mahmudov bildirib ki, şirkətin milliləşdirmə strategiyası “BP-Azərbaycan” şirkəti və onun sub-podratçı şirkətləri ilə birgə davam etdiriləcək. Onun sözlərinə görə, hasilatın pay bölgüsü sazişlərində hər bir şirkətə milliləşdirmə ilə bağlı tələb qoyulub.
ARDNŞ rəsmisi deyib ki, kadr ehtiyatı bazası ümumi serverdə ayrıca bir qovluqda yerləşəcək və istənilən şirkət istədiyi namizədi tapıb seçə biləcək.
Sonda ARDNŞ və “BP-Azərbaycan” arasında 3 sənəd imzalanıb. Bunlar ARDNŞ və BP arasında miqrasiya və milliləşdirmə sahəsində əməkdaşlıq sazişi, Qobustan Təlim Mərkəzində azərbaycanlı tələbələrin təlim keçməsi üçün birgə anlaşma və “BP-Azərbaycan”la Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlıq haqqında müqavilədir. Sənədləri ARDNŞ prezidenti Rövnəq Abdullayev və “BP-Azərbaycan”ın prezidenti Qordon Birrel imzalayıb.