Yol polisindən sürücülərə pərdə-plyonka xəbərdarlığı

Yol polisi avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə jalüz pərdələrin vurulması isə sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, noyabrın 15-dən Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə jalüz pərdələrin istifadəsinə verilən icazə müddəti başa çatır. Buna görə də, həmin tarixdən etibarən sürücülərin həmin avadanlıqlardan istifadəsi məhdudlaşdırılacaq. Yol polisi sürücülərdən həmin jalüzləri çıxarmağı tələb edir. Əks təqdirdə həmin avadadanlıqlardan istifadəni davam etdirən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunucaqlar. Bu əmələ görə cərimə isə 150 manatdır. Eyni zamanda, inzibati xətanın predmeti olan pərdələr müsadirə ediləcək, plyonka isə söküləcək.

 

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 15 aprel 2013-cü il tarixli əmri ilə «Yerüstü nəqliyyat vasitələrin təhlükəsizlik şüşəsi, ümumi texniki şərtlər» dövlət standartına dəyişiklik edilib. Əmrə əsasən, Azərbaycanda iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə arxa yan şüşələrdə sənaye üsulu ilə hazırlanmış jalüz pərdələrin istifadəsinə icazə verilir.

 

«Yol hərəkəti haqqında» qanuna edilmiş 1 saylı əlavədə isə qeyd olunur ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, örtüklərin, yəni, pərdə və plyonkanın çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Bu qanunla işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan güzgü şüşələrdən başqa rəngli şüşələrin tətbinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda isə minik avtomobillərinin arxa şüşələrinə pərdə-plyonka çəkməyə və sənaye üsulu ilə hazırlanan jalüz asmağa icazə verilir.

 

Dövlət Komitəsinin standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti bu cür olmalıdır; qabaq alın şüşələr 75, qabaq yan və arxa yan şüşələr isə 70 faizdən aşağı tündləşdirilə bilməz. Arxa şüşələr isə 100 faiz tündləşdirilə bilər. Sürücüləri çaş-baş salan da elə budur. Bir dövlət qurumu eyni məsələ ilə bağlı iki qərar verib.

 

Müəllif | Apa.Tv