Bakıda "ABAD xidmət" mağazaları fəaliyyətə başlayıb

Bu gün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında "ABAD" mərkəzlərinin fəaliyyət sahələrində qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Dövlət agentliyinin sədri  İnam Kərimov bildirib ki, "ABAD xidmət"in yaradılmasında əsas məqsəd ailə biznesinə dəstək olmaqdır. Sənətkarın işi sənətlə məşğul olmaqdır. Onun istehsal etdiyi məhsulu tanıtmaq, hətta dünya bazarına çıxarmaq isə "ABAD xidmət"in işidir" deyə o vurğulayıb. 

 

"Bu gün bu peşə reabilitasiya mərkəzində çox peşəkar şəxslər, müxtəlif sahələrdə peşələrə yiyələnirlər. Çox gözəl məhsullar, istehsal edə bilən mütəxəssislər hazırlanır. Amma bundan sonra həmin şəxslərin öz peşələrini davam etdirmək zərurəti yaranır. Yəni istehsal etdikləri məhsulları son bazara təqdim etmək, məsələləri ortaya çıxır. Mütəxəssislər ABAD xidmətə qoşulduqdan sonra öz bizneslərinə başlamış olacaqlar. ABAD-ın məqsədi həmin şəxslərə öz ailələri ilə birlikdə həm ideyalarla, dizaynlarla, həm qablaşdırma, həm çatdırılma, həm marketinqlə, həm reklamla dəstək olmaqdır və onların son məhsulunu bazarda satışa təqdim etməkdir".   

 

İnam Kərimov əlavə edib ki, son dövrlər ölkəmizə gələn çoxlu sayda turistlər sənətkarlarımızın əl işlərinə olduqca böyük maraq göstərir. Onun sözlərinə görə, "ABAD xidmət"in artıq iki mağazası fəaliyyət göstərir: "Bu, xoş xəbərdir. Ancaq bir üzücü xəbər də var. Məsələ burasındadır ki, biz həmin mağazalara məhsul çatdıra bilmirik. Bunun üçün də "ABAD xidmət"lə əməkdaşlıq edən insanlar daha tez və daha keyfiyyətli işləməlidir".

 

"ABAD xidmət"in mağazaları hava  limanlarında da fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev  ötən ilin sentyabrın 23-də "ASAN xidmət"in tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova