Ərdoğan: "Minsk Qrupunun həmsədrləri öhdəliklərini yerinə yetirməlidir"
"ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir". Bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın İTAR-TASS agentliyinə müsahibəsində deyib: "Bir məsələ mənim üçün xüsusilə əhəmiyyət kəsb edir. Bu, həmsədri Rusiya, ABŞ və Fransa olan ATƏT-in Minsk qrupunun işi məsələsidir. Bu ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar onlara həvalə edilən öhdəlikləri yerinə yetirməlidir. Münaqişə öz həllini tapsa, nəticədə Azərbaycan da, Ermənistan da, Türkiyə, Rusiya, İran da, Əfqanıstan da daxil olmaqla bu dövlətlərin hamısı qazanar".
Baş nazir, həmçinin Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin çox səmərəli keçdiyini də diqqətə çatdırıb. O qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında hərbi, siyasi, iqtisadi sahələrdə çoxsaylı ikitərəfli sazişlər bağlanıb.