Elman Rüstəmov: "Azərbaycanda faiz dərəcələri yüksək deyil"
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə biznes kreditləşməsinin inkişafında maraqlıdır. APA TV-nin xəbərinə görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov hesab edir ki, bunun üçün bank sistemində iki əsas komponent olmalıdır. Bunlardan biri banklarda maliyyə resurslarının kifayət qədər olması, digəri isə biznes-kreditlərin ucuz olmasıdır. Elman Rüstəmov deyir ki, Mərkəzi Bank biznes-kreditlərin faiz dərəcələrinin bir rəqəmli göstəriciyə çatdırılmasını qarşıya məqsəd qoyub.
E. Rüstəmovun sözlərinə görə, MDB və inkişaf etmiş ölkələrdə vəziyyətin tədqiqatları göstərir ki, Azərbaycandakı faiz dərəcələri yüksək deyil.
Mərkəzi bankın sədri ölkədə fəaliyyət göstərən kommersiya banklarının minimum məcmu kapitalının 2013-cü ilin sonuna kimi 50 mln. manata çatdırılmalı olması barədə qərar qəbul edildiyini bildirdi. Onun sözlərinə görə, hazırda ölkənin bank sektorunun aktivlərinin 95%-ni əhatə edən banklar ya öz kapitallaşmasını artıq 50 mln. manata çatdırıb və yaxud buna yaxın zamanda nail olacaq.
E.Rüstəmov əlavə edib ki, minimum kapitalın 50 mln. manata çatdırılması qərarı nəticəsində bank sektorunda kapitallaşma 48% artıb, 8 bank isə 100 mln. manatdan artıq kapitala malikdir. Beləliklə, kapitallaşmanın artırılması məqsədinə nail olunub. E.Rüstəmov bəyan edib ki, AMB qalan banklarla bağlı iş planı hazırlayıb və o ümid edir ki, həmin banklar 2014-cü il ərzində ya kapitallarını artıracaq, ya da konsolidasiya yolu ilə məsələni həll edəcək.