Şirvan şəhərində fövqəladə hadisələrlə bağlı təlim keçirildi
Şirvan şəhərində fövqəladə hadisələrdə mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda kompleks mülki müdafiə təlimləri keçirilib. APA TV-nin xəbərinə görə, kompleks təlimlərə şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt təsərrüfatları cəlb olunub. Təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı əhalinin və digər işçilərin mühafizəsinin təşkili və müdafiə tədbirləri aparılarkən insanların idarə olunması, bundan əlavə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə əyani vərdişlərin aşılamasından ibarətdir. Təlimlər zamanı mülki müdafiə qüvvələri şərti olaraq, fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi və kimyəvi zəhərlənmə zonasında dezinfeksiya işləri aparıblar. Eyni zamanda "şərti hadisə yeri"ndə zərərçəkənlərə ilk həkim yardımı göstərilib, epidemiyaya qarşı mühafizə tədbirləri aparılıb, vətəndaşlar təhlükəsiz ərazilərə evakuasiya olunub. Təlimlərdə, həmçinin rabitə elektrik şəbəkəsi, su-kanalizasiya və digər xidmət təşkilatları da fəal iştirak edib. Yüksək peşəkarlıqla keçən təlimdə hərbiləşdirilmiş dəstələrin 238 nəfər şəxsi heyəti və 40-a yaxın texnika iştirak edib.