Azərbaycanda yeni əsginasların buraxılması planlaşdırılmır

Azərbaycan Mərkəzi Bankı milli valyutanın yeni nominalda əsginaslarını buraxmaq niyyətində deyil. APA TV-nin xəbərinə görə, bunu Azərbaycan mərkəzi bankın sədri Elman Rüstəmov deyir. Son günlərdə parlamentin plenar iclasında yeni, 3 manatlıq əsginasların dövriyyəyə buraxılması zərurəti ilə bağlı səsləndirilən təklifi, bundan əvvəl isə 200 manatlıq əsginasın buraxılacağı barədə xəbərləri şərh edən E.Rüstəmov bildirib ki, dünyanın əsas valyutaları və daxili amillərin təhlili nəticəsində hazırda 6 nominalda əsginas və 6 nominalda sikkədən ibarət nağd milli valyutanın strukturunun dəyişdirilməsinə ehtiyac yoxdur: "ABŞ dolları, Britaniya funtu, avro və digər valyutaların əsginasları da 1 və 5 nominallı arasında valyuta vahidləri arasında başqa nominalda pul yoxdur. ABŞ-da bir müddət əvvəl buraxılan 2 dollarlıq əsginas isə iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilməyib və hazırda bu əsginaslar işləmir".

 

Elman Rüstəmov deyir ki, Azərbaycanın daxilində əhalinin əsas xərclər strukturu, aparılan təhlil və tədqiqatlar hazırda dövriyyədə olan əsginasların optimal olduğunu göstərir.

 

İlahə Vəliyeva Xəyal Şükürlü APATV 

Müəllif | Apa.Tv