Çingiz Qurbanovun xatirəsinə həsr olunan kikboksinq yarışı keçirilib
Qusar Olimpiya Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunan kikboksinq üzrə peşəkarlar arasında idman yarışı keçirilib. Yarışdan öncə Heydər Əliyevin abidəsi və Çingiz Qurbanovun məzarı ziyarət olunub.
APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Kikboksinq Federasiyası və "Judo Club 2012" idman klubunun birgə təşkil etdiyi turnirdə 7 çəki üzrə 14 idmançı mübarizə aparıb.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev Çingiz Qurbanovun xatirəsinə kikboksinq yarışının təşkil olunmasının təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Çingiz Qurbanov özü də bu idman növü ilə məşğul olub:
"Çingiz Qurbanov Azərbaycanın Milli Qəhrəmanıdır, Azərbaycanın şəhididir. Şəhidimizə ən böyük diqqəti Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev verib. Qusar rayonunda Çingiz Qurbanovlar çoxdur, sadəcə onları müəyyən edib,
onlarda olan o istedadı ortaya çıxarıb Azərbaycanın layiqli qorxmaz qəhrəman əsgərlərinə çevirməkdən ötrü bu yarışımızı burda keçiririk".
İlk döyüşdən əvvəl Milli Qəhrəmanın atası Salman Qurbanova Çingiz Qurbanovun idman ustası vəsiqəsi təqdim olunub. Bir sıra məşqçi və idmançılar, eləcə də qazilər fəxri fərman və diplomlarla təltif olunub.
Yeniyetmə kikboksinqçilər - Elmir Pirverdi və Hüseyn Hacıyevin yarışı döyüş sülhlə bitib. Daha sonra 57 kiloqram çəkidə Elşad Ələsgərov və Qiyas Şahmərdanov rinqə çıxıb. E.Ələsgrov döyüşün qalibi elan olunub. 64 kiloqramda isə Ruslan Əliyevi məğlub edən Elşən Qəniyev yarışın qalibi adını qazanıb. Arzuman Qədimovla Turan Qafarov arasındakı gərgin qarşılaşmada isə ikinci qalib olub. 71 kiloqram çəkidə Rəhim Əliyev rəqibi Cavidan Rəcəblini məğlub edib. Alişan Aslanlı isə Gülhüseyn Ağazadə ilə mübarizədə qələbəni qeyd edib. 75 kiloqram çəkidə Altay Atakişiyev, 91 kiloqram çəkidə isə Bəhram Rəcəbzadə rəqibindən üstün olub. Turnirin qaliblərinə müvafiq diplom və pul mükafatı təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə Sərəncam imzalayıb.