Ali Məhkəmənin sədri tanınmış hakimə qərarına görə irad tutdu

Azərbaycan Ali Məhkəməsinin Plenumu keçirilib. APA TV-nin xəbərinə görə, Plenumda daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər.

İclası açıq elan edən Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenumda konkret cinayət işlərinə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması haqda cinayət işləri üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məsələlərinə baxılacağını deyib.

Bundan başqa, tədbirdə İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində yol hərəkəti ilə bağlı qaydalara dəyişiklik edilməsi haqqında Milli Məclisə təklif verilməsi məsələsi müzakirə olunub. Plenumda çıxış edən Ramiz Rzayev Siyəzən, Kəpəz Binəqədi və daha 2 rayon məhkəmələrinin hakimlərinin çıxartdığı qərarlara münasibət bildirərək cəza təyin olunarkən diqqətli və məsuliyyətli olmağı tövsiyə edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevə isə 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində təqsirləndirilən şəxsə verilən cəzanın az olduğu barədə irad tutub: "Siz 5 il cəza verməklə onu demək olar ki, məsuliyyıtdıən azad edirsiniz. 5 il verirsiniz ki, həbsə getməsin. 5 il bu deməkdir. Cəmiyyətdə axı narahatcılıq yaradır".

Plenumda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması haqda cinayət işlərinə əlavə təkliflər də müzakirə olunub.

 

Müəllif | Apa.Tv