MDB-nin maliyyəçiləri Bakıya toplaşdı

Bakıda MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə MDB ölkələrinin VI Bakı Beynəlxalq Bank Konfransı işə başlayıb. Builki konfransının mövzusu «MDB-nin maliyyə bazarları Birlik məkanında iqtisadi inteqrasiyanın əsası»dır.

 

APA TV-nin xəbərinə görə, konfransda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bəyan edib ki, konfrans MDB məkanında maliyyə-bank təşkilatları arasında əməkdaşlığa, ümumilikdə iqtisadi əməkdaşlığın dərinləşməsinə təkan verəcək. O bildirib ki, bu il ərzində MDB ölkələri arasında ümumi ticarət dövriyyəsi 1,2 trln. ABŞ dollarından artıq olub.

 

MDB Maliyyə-bank Şurasının vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev isə hesab edir ki, konfrans Birlik məkanında iqtisadi inteqrasiya və əməkdaşlığı daha da dərinləşməsinə xidmət edəcək.

 

Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov isə bildirdi ki, böhran və post-böhran dövründə bank aktivlərinin ortaillik artım tempi 16% təşkil edib, məcmu kredit portfeli isə 20% artıb. Azərbaycan bank sektorunda hətta böhran dövründə depozitərin artımı baş verib.

 

Konfrans noyabrın 16-da başa çatacaq. 

Müəllif | Apa.Tv