Avtoyumalar maşınlarımıza zərər yetirirmi?

Avtomobilin təmizliyi deyəndə ağlımıza ilk gələn maşının yuyulmasıdır. Əlbəttə, bütün avtomobil sahibləri maşının hər zaman təmiz və səliqəli görünməsini istəyir. Paytaxtda da kifayət qədər avtoyuma servisləri fəaliyyət göstərir və bu servislərdə demək olar ki, avtomobillər eyni üsulla yuyulur. Bəs maşının yuyulmasında əsasən hansı qaydalara fikir vermək lazımdır? Bu məsələ ilə bağlı APA TV-nin araşdırması nəticəsində məlum oldu ki, avtomobili yumağın da öz qaydaları var.

 

"Azərbaycanda avtomobili təzyiqli su ilə yuyurlar. Bu düzgün deyil. İstifadə olunan kimyəvi yuyucu maddələr də maşın üçün nəzərdə tutulmalıdır və keyfiyyətli olmalıdır. Bəzən görürsünüz ki, yaxşı köpüklənsin deyə, qablar üçün istifadə olunan yuyucu vasitə ilə yuyurlar, bu da ciddi fəsadlara gətirib çıxarır. 

 

Yuyulma zamanı kiçik bir yanlışlıq nəticəsində maşına dəyən ziyan az qala təzə bir maşının qiymətinə bərabər ola bilər. Avtomobilin 4 hissəsi yuyulur -  çöl örtüyü, avtomobilin alt hissəsi, hərəkət edən hissələrinin yuyulması və avtomobilin içi. Yüksək təzyiqlə vurulan su və kimyəvi maddələr avtomobilin nəinki boya və lak örtüyünə, həm də elektronika və mühərrik sisteminə də zərər verə bilər. Şahin Qasımov onu da vurğulayır ki, hətta maşınların yuyulması markalarına görə də fərqlənir.

 

“Bəzi maşınları ümumiyyətlə avtoyuma servislərində təmizləmək olmaz. Onlar yalnız əllə və xüsusi materiallarla, kimyəvi maddələrlə yuyulmalıdır”.

 

Bu barədə sürücülərin də fikirləri müxtəlifdir. Bəzisi özünün maşın yumaq üçün şəraiti olduğundan, bəzisi isə maşın üçün zərərli olduğunu bildiyindən avtoyumalara üstünlük vermir. Onların da fikirlərini təqdim edirik:

 

- Zərəri var. Çünki suyu təzyiqlə vururlar, maşının rəngi gedir.

 

- Mən heç vaxt avtoyumadan istifadə etmirəm. Çünki öz şəraitim var, həyətimdə özüm yuyuram.

 

- Avtoyumalara etibar edirəm, amma keyfiyyəti barədə dəqiq heç nə deyə bilmərəm.

 

Məlum oldu ki, maşının təmizliyini, xarici görünüşünü düşünərkən bunun əksi ilə qarşılaşmaq mümkündür. Avtomobilin düzgün yuyulmaması onun texniki sisteminə zərər verər, bu isə əlavə xərc hesabına başa gələ bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv