“Koroğlu” stansiyası yaxınlığındakı körpünün üzərində yük maşını aşıb - AĞIR QƏZA
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. "Koroğlu" metro stansiyası yaxınlığındakı körpünün üzəri ilə hərəkət edən "MAN" markalı yük maşını aşıb. Sabunçu Rayon Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisəyə səbəb sürücünün sərxoş halda avtomaşını idarə etməsi olub. İdarəetməni itirən sürücü maşını əvvəlcə körpü üzərindəki elektrik dirəklərinə çırpıb. Zərbənin təsiri ilə yük maşını aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Avtomaşının yanacağı asfalta dağılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yola dağılan yanacaq yuyularaq təmizlənib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.