Ad və soyadı necə dəyişdirməli? - QAYDALAR

Azərbaycanda adını və soyadını dəyişmək üçün müraciət edənlərin sayı artıb.

 

APA TV-nin xəbərinə görə, Ədliyyə Nazirliyindən bildirilib ki, 2016-cı il ərzində 2967 şəxs adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət edib. 2015-ci il ərzində isə belə müraciət edənlərin sayı 2314 nəfər olub.

 

Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsasən adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. səbəblər göstərilib.

 

Nazirlikdən o da əlavə edilib ki, 2016-cı il ərzində daha çox 21-30 yaş arası şəxslər adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət ediblər.

 

Qeyd edək ki, Azərbaycanda ad və soyadın dəyişməsi proseduru qanunvericiliklə tənzimlənir və 28 dekabr 1999-cu ildə qəbul edilmiş Ailə Məcəlləsində öz əksini tapıb.

 

Məcəlləyə edilmiş əlavə və dəyişikliklərlə bağlı Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarına əsasən, 18 yaşına çatmayan vətəndaşın ad və soyadının dəyişdirilməsi onların valideynləri və ya qəyyum kimi tanınmış şəxslərin müvafiq icra hakimiyyəti orqanına ərizəsi əsasında həyata keçirilir. Əgər hər iki valideynin soyad sonluqları dəyişirsə, 18 yaşı tamam olmamış şəxsin də soyadı dəyişdirilir. Hazırda adın və ya soyadın dəyişməsi proseduru Ədliyyə Nazirliyinin Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Baş İdarəsi tərəfindən bütün "ASAN Xidmət" mərkəzləri vasitəsilə aparılır.

 

Həmsöhbətimiz Həbib Əliyev də soyadını dəyişdirmək üçün müraciət edənlərdəndir:

"Bizdə nəsil köhnədir. Yeni nəslin gəlməsi üçün doğma babamın soyadını götürürəm - Oqtaysoy".

 

Həmsöhbətimiz Ağdam rayonundan məcburi köçkün olduğu üçün ondan zəruri sənədlərlə yanaşı, məcburi köçkün vəsiqəsini də təqdim etməsi istənilib. Sənədləşmə prosesinə gəlincə: "Təxminən ay yarımdır ki, bu proses davam edir. Yəqin 10 günə, 15 günə tamamlanar. Dedilər ki, polisə sorğu göndərilir, soyadın nə ilə və nəyə görə dəyişdirildiyi araşdırılır. Belə şeylər araşdırıldığı üçün müddət çox çəkir".

 

 

Ad və ya soyadın dəyişdirilməsi üçün istənilən "ASAN Xidmət" mərkəzinə yaxınlaşan vətəndaş iki nüsxədə tərtib olunmuş ərizə forması, doğum haqqında şəhadətnamə, vətəndaşlıq vəziyyətini təsdiq edən sənəd, əgər nikahı pozulubsa, bunu təsdiqləyən sənəd, ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti, şəxsin ilkin hərbi qeydiyyatda və ya hərbi xidmətdə olmasını göstərən sənəd (ikinci halda hərbi bilet), 3x4 sm ölçüdə iki ədəd fotoşəkil, habelə dövlət rüsumunun ödənilməsi barəsində qəbz təqdim etməlidir. Sənədlər müvafiq orqan tərəfindən qəbul edildikdən sonra qeydiyyat orqanı, habelə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verilir, müvafiq qərar qəbul olunur.

 

Əgər ərizə verən hər hansı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunubsa, habelə ödənilməmiş məhkumluğu qüvvədədirsə, bu hallarda ad və ya soyadın dəyişdirilməsinə icazə verilmir və bu barədə vətəndaşın özü məlumatlandırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv