Şəkidə çörək və şirniyyat istehsalı sexlərində reyd keçirilib

Texniki Tənzimləmə və Standartlaşma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi Şəki rayonunda fəaliyyət göstərən çörək və şirniyyat istehsalı sexlərində reyd keçirib. APA TV-nın məlumatına görə, reydlər Şəki rayonu Qoxmuq kəndində yerləşən Daşdəmirov Xəyyama məxsus çörək sexində və Şəki şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən Məmmədov Ruslana məxsus şirniyyat istehsalı sexində keçirilib. Reyddə standartlaşdırma üzrə normativ sənədlərə, metroloji norma və qaydalara necə riayət edilməsi yoxlanılıb. Aparılmış dövlət nəzarəti zamanı çörək istehsalı və şirniyyat sexlərində məhsulların gigiyenik və uyğunluq sertifikatları olmayıb. Bundan başqa, istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilməməsi, məhsul üçün texnoloji təlimat və resepturanın olmaması da əsas pozuntulardan olub. Sınaqların aparılmaması, məhsulun saxlanması, daşınması, markalanması qaydalarının pozulması nöqsanları da aşkar edilib.

 

Nöqsanlar əsasında çörək sexi və şirniyyat sexinə nöqsanların aradan qaldırılması barədə “İradnamə” verilib. Ölçmə vasitələrinin istismarının qadağan edilməsi, məhsulların istehsalının və satışının qadağan edilməsi barədə “Tələbnamə” ilə müəssisələr fəaliyyətini dayandırıb.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov