Qüdsi Osmanov: “Qanunu hər millətin nümayəndələri pozur”

“Azərbaycan müharibə edən ölkə deyil. Azərbaycan ərazisi qonşu ölkə tərəfindən işğal edilən bir dövlətdir”. Bu fikirləri “Rossiyskaya qazeta”ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov deyib.

Rusiyalıların əksəriyyətinin Azərbaycana müharibə edən dövlət kimi yanaşmadıqlarını deyən diplomat statistikaya əsaslanaraq Rusiyadan, habelə digər dövlətlərdən ölkəmizə çoxlu sayda turistlərin gəldiyini vurğulayıb: SITAT “Bir dəfə Azərbaycana gəlmiş insanlar yenə bura gəlir və öz tanışlarına ölkəmiz haqda danışır. Biz isə turizm infrastrukturunun yaradılması üzərində çalışırıq. İnanın ki, tək Bakıda deyil, bölgələrimizdə də gəzməli-görməli yerlər var. Bundan əlavə turistlər burada özlərini təhlükəsiz hiss edir. Günün istənilən vaxtında onlara küçədə heç kimi heç nə edə bilməz. Bu, çox şey deməkdir”.

Müxbirin “Bəs Sankt-Peterburqda atəş açan azərbaycanlılar hardan peyda olur? sualına cavab verən Q. Osmanov sözügedən şəhərdə yaşayan azərbaycanlıların əksəriyyətinin zəhmətsevər insanlar olduğunu və onların yerli əhali ilə yanaşı şəhərin inkişafı üçün çalışdığını bildirib: “Qanunu yalnız tək-tük insanlar pozur. Necə ki, ruslar arasında belə hallar var. Sadəcə indi milli məsələ çox həssas olduğu üçün digər ölkələrin nümayəndələrinin iştirakı ilə istənilən neqativ hal geniş yayılır və ona həddindən artıq diqqət yetirilir. Sizə elə gəlir ki, azərbaycanlıların hamısı belədir, lakin bu elə deyil”.

Bu insanlar hardan peyda olub? 1988-ci ildə 360 min azərbaycanlı Ermənistan, 700 min isə Dağlıq Qarabaq və ətraf rayonlardan qovulub. Beş il ölkədə xaos olub. Belə olan halda çoxları heç məktəbə getmirdi. Halbuki təhsil şəxsiyyətin formalaşmasında çox böyük əhəmiyyətə malikdir. Sonra qaçqınların bir hissəsi çörək pulu dalınca Rusiyaya getdi. Kim alver edirdi, kim tikintidə işləyirdi. Bu nəslin nümayəndələrinin sadəcə bəxti gətirmədi, anlayırsınızmı bunu?”

Q. Osmanov qeyd edib ki, Azərbaycanda ruslara çox yaxşı münasibət var. “Onlara tərəf heç kim tərs baxmaz, pis söz deməz. Bəs onda nəyə görə Rusiyada başqa cür olmalıdır?”, - deyə o fikrini tamamlayıb.

Müəllif | Apa.Tv
Apa.tv