Heydər Əliyev Sarayında "Qorxma, mən səninləyəm - 1919" bədii filminin təqdimatı keçirilib

Heydər Əliyev Sarayında "Qorxma, mən səninləyəm - 1919" bədii filminin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Ötən əsrin 80-ci illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan yeni ekran əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman film haqqında fikirlərini bölüşüb: “Filmin birinci hissəsinin çəkilişindən 32 il ötür. Çəkilişlər 6 regionda olub. Hər yerdə bizi mehriban qarşıladılar. Bu film iki ölkənin dostluğunu tərənnüm edir. Filmdə siz bir çox tanış simalar görəcəksiniz”.

Filmin bəstəkarı, baş rollardan birinin ifaçısı olan Polad Bülbüloğlu isə bildirib ki, yeni ekran əsərinə həm Azərbaycan, həm də Rusiyada maraq böyükdür.
Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentin sərəncamı ilə Yuli Qusmana verilən “Şöhrət” ordenini rejissora təqdim edib.

Qeyd edək ki, film C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətində birgə istehsal olunub.

Ötən əsrin 80-ci illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan filmdə Polad Bülbüloğlu, aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də yerli aktyorlardan Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov çəkiliblər.

 

Müəllif | Apa.Tv