Ədliyyə naziri vətəndaşları qəbul edib

Bu gün Xaçmaz Regional Ədliyyə şöbəsinin açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, açılış mərasimində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə bildirilib ki, 1000 kvadratmetr sahəsi olan və inşasına 2012-ci ildən başlanılan inzibati binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, şəffaf xidmətin təmin edilməsi məqsədilə ən son rabitə və informasiya texnologiyaları tətbiq edilib. Sonra ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkə başçısının tapşırıq və tövsiyələri ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarından və bu islahatlar nəticəsində qazanılan uğurlardan danışıb. Ən müasir standartlara uyğun inşa edilmiş yeni məhkəmə binasında vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün tövsiyələrini verib.

 

Açılış mərasimindən sonra Fikrət Məmmədov vətəndaşları qəbul edib. Qəbul zamanı nazir ədliyyə orqanlarının, məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün qəbulda iştirak edən nazirliyin aidiyyatı məsul şəxslərinə tapşırıqlar verib.

 

Qəbul zamanı vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib.

 

Bundan başqa ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətədə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 

Müəllif | Apa.Tv
Vəli Turan