Prezident Ukraynaya səfərə gedir
"Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfərinin proqramı bəlli olub". Bu barədə məlumat verən Ukrayna prezidenti Viktor Yanukoviçin müşaviri, prezidentin xarici məsələlər üzrə şöbənin müdiri Andrey Qonçaruk məlumat verib. O, qeyd edib ki, Ukrayna prezidentinin dəvəti ilə reallaşan səfər zamanı iki ölkə arasında mövcud münasibətlərin müzakirə edilərək yüksək səviyyədə dərinləşməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, energetika, infrastruktur habelə hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Prezidentin mətbuat xidmətini yaydığı xəbərə əsasən səfərdə ən vacib məqam Ukrayna və Azərbaycan Prezidentlər Şurasının dördüncü iclasının keçirilməsidir. Bu tədbir iki ölkənin strateji münasibətlərinin gələcəkdə konkret praqmatik məzmunla tamamlanmasına şərait yaratmaq məqsədi daşıyır. İclasın sonunda Yekun Protokolun imzalanması nəzərdə tutulub.
Səfər çərçivəsində həmçinin bir sıra iki tərəfli sənədlərin, xüsusən xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar və regionlararası qarşılıqlı fəaliyyət sahəsində sənədlərin imzalanması planlaşdırılır. Səfər zamanı İlham Əliyevin Ukrayna baş naziri Nikolay Azarov və Ali Radanın sədri Valdimor Rıbakla görüşləri də nəzərdə tutulur.