Təyyarə qəzasında ölənlərin arasında Tatarıstan prezidentinin oğlu da var

Noyabrın 17-də Moskva vaxtı ilə saat 19:25-də Kazan şəhərində “Boinq-737” tipli sərnişin təyyarəsi qəzası baş verib. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanında eniş zolağında qəzaya uğrayıb. 

 

Qəza nəticəsində təyyarədə olan Tatarıstan Respublikasının prezidentinin oğlu və respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi də həlak olub. APA-TV -nin Rusiya bürosunun verdiyi məlumata görə, Tatarıstan avikompaniyasının açıqladığı siyahıda Tatarıstan prezidentinin oğlu İrek Minnixanov və FTX rəisi Anleksandr Antonovun adları göstərilib. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər ölüb. Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.  Qəzaya ilkin səbəb kimi ekipajın səhvi göstərilir.

 

Qəzaya uğrayan sərnişin təyyarəsinin ekipajı hava dispetçerini enmə əməliyyatını yerinə yetirməyin mümkün olmadığı barədə xəbərdar edib. Bu barədə Kazan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasını araşdıran əməliyyat qərargahındakı mənbə “İnterfaks”a bildirilib. Mənbənin sözlərinə görə, Moskva-Kazan reysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsinin ekipajı dispetçeri enmə əməliyyatını yerinə yetirməyin mümkün olmadığı barədə xəbərdar edib, çox güman ki, bu texniki nazasızlıq səbəbindən baş verib: “Təyyarə enmə zolağına 500 m qalmış dispetçerə enmə vəziyyətində olmadıqlarını məruzə edib”. 

 

Bundan başqa, təyyarənin 23 il istismarda olduğu məlum olub.  “Boinq-737” sərnişin təyyarəsinin 23 il əvvəl istehsal olunduğu və 2008-ci ildə “Tatarıstan” aviakompaniyası tərəfindən alındığı bildirilib.

 

“Tatarıstan” avikompaniyası 1999-cu ildə yaradılıb. Sərnişindaşıma ilə məşğul olan bu aviakompaniya Rusiyanın bir çox şəhərinə, Türkiyə (İstanbul), Çexiya (Praqa), MDB ölkələrinə, o cümlədən Bakıya aviareyslər həyata keçirir.

 

Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş vermiş təyyyarə qəzası ilə bağlı cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib.

Müəllif | Apa.Tv
Almaz Qasımova