İTKİN DÜŞƏN GƏNCİN ANASI: "Oğlum 10 gündür, heç nə danışmırdı"

Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədov itkin düşüb. APA-nın məlumatına görə, gənc şənbə günü internet kluba gedəcəyini deyərək, evdən çıxıb və geri qayıtmayıb. Asim Məmmədovun anası Samirə Məmmədova xəbəri APA TV-yə təsdiqləyib. Samirə Məmmədovanın sözlərinə görə, oğlu daim internet kluba gedib. Şənbə günü də evdən çıxanda qapını açarla bağlayıb gedib, mobil telefonunu isə özü ilə götürməyib. Çıxarkən telefonunun zəngli saatını da ertəsi gün səhər saat 09.00-a qurub. Telefonun ekranına tabut şəklinin üzərində rus dilində "mən daha bacarmıram, məni bağışlayın" sözlərini yazıb.

 

Qadın deyir ki, o, telefonun zənginli saatından xeyli əvvəl, gecə saat 02.00-da oyanıb. Oğlunun evdə olmadığnı, telefonunun evdə qaldığını görüb. Telefonun ekrandakı yazını oxuyan kimi təcili tibbi yardıma zəng edib, hansısa intihar hadisəsinin baş verib-vermədiyini soruşub. Heç bir intihar faktının qeydə alınmadığı bildirilib.

 

Anasının sözlərinə görə, oğlu 10 gündür, evdə heç nə danışmırmış. Sanki yas tuturmuş. Samirə Məmmədova oğlunun bu vəziyyətini dostunun həbsi ilə əlaqələndirir. Deyir ki, Asimin dostu Rəşad Ramazanov bu günlərdə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq anası Asimin bu hadisəyə görə intihar etməsini ehtimal etmir.

 

İtkin düşən gəncin atası ilə anası xeyli vaxt əvvəl ayrılıb.

 

Asim Məmmədov islamazeri.az saytında ştatdankənar müxbir işləyib. Sosial şəbəkədə yaydığı fotolardan dindar olduğu görünür.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova