Hər anı ölüm təhlükəsi olan peşə - REPORTAJ

Filmlərdə izlədiyimiz qəhrəmanlar gah odun-alovun içində yanır, avtomobili aşırır, gah da qayadan tullanır və daha nələr nələr.... Tamaşaçıda isə həmin filmdə rol alan aktyorlara maraq və heyrət yaranır. Amma bu həyəcanı yaşadanlar, aktyorun fonunda itir.  Onlar risk sənətkarları- kaskadyorlardır. 

Dünya kinosunda ilk kaskadyorluq hərəkəti 1908-ci ildə "Qraf Monte Kristo" filmində canlandırılıb. Filmdə edilən ilk hərəkət yüksək qayalıqdan şəlaləyə atılmaq olub. Həmin kaskadyor məhz bu təhlükəli tryukdan sonra dünyasını dəyişib. Bu filmdən sonra tamaşaçılarda təhlükəli filmlərə maraq daha da artdı və beləliklə ilk macəra filmləri çəkilməyə başladı. Beləliklə qadınlarda da bu sənətə maraq yarandı.

Azərbaycanda da uzun illərdir bu işlə məşğul olanlar var və onlardan biri Əli Məmmədovdur. 30-dan çox filmdə çəkilən əməkdar incəsənət xadimi Əli Məmmədov APA TV-yə dedi ki, kaskadyor olmaq üçün fiziki hazırlıq tələb olunur, və bu işdə ruh sağlığı önəmlidir. Kaskadyorlar daim idmanla məşul olmalı, cəld və çevikliyi ilə seçilməli və soyuqqanlı olmalıdırlar. Kaskadyorun fəndlərdə təhlükəli hərəkətləri yerinə yetirməsi zaman zədəsiz qurtulması da mümkünsüzdür: "Tryukların hamısı çətindir. Asanı yoxdur. Amma ən çətini yanmaq, maşın aşırmaq, atla gedərək atı yıxmaq, hündürlükdən tullanmaqdır. Hər bir təhlükəli hərəkətdə zədə qaçılmazdır".

 

Əli Məmmədovun sözlərinə görə, Amerika, Rusiya, Keçmiş Sovet ölkələri, İran rejissorları ilə əməkdaşlıq edib. Bir çox tanınmış aktyorla çalışıb. Hazırda özünün tələbələri olsa da, Azərbaycanda maddi texniki baza olmadığı üçün bu sahəni inkişaf etdirə bilmədiklərini deyir. Filmlərdə istifadə etdikləri avadanlıqları da elə öz hesablarına alıblar.
 

"Bu sahənin inkişafı üçün ancaq maddi texnki baza olmalıdır. Çünki bu elə işdir ki, gündəlik məşq tələb edir. Mən sizi əmin edirəm ki, bizim tryuklarımızla Hollovud kaskadyorlarının etdikləri hərəkətlər arasında heç bir fərq yoxdur. Sadəcə olaraq, onların bazası zəngindir".

 

1989-cu ildən bu işlə məşğul olan Əli Məmmədov və komandası ölkəmizdə çəkilən bütün filmlərin təhlükəli səhnələrinin quruluşunda iştirak edir. Azərbaycan filmləri ilə yanaşı, Rusiya istehsalı olan "Silah", Jurnalist, Tələbə, Dronqo, İran istehsalı Məleykələr və bir çox xarici filmlərdə tryukların quruluşçusu və ifaçısı olub. Kaskadyorlar öz qeyri-adi və eyni zamanda təhlükəli hərəkətləri ilə aktyorların öznünü də məşhurlaşdırırlar. 

 

Bəs aktyorun "sığortaçısı" olan kaskadyorun özünü kim sığortalayır?  sualına gəlincə, Əli Məmmədov deyir ki, xaircdə bu təcrübə yüksək səvyyədə həyata keçirilir.

 

 

"Çoxları elə bilir ki, aktyor elə göydən gəlib, istənilən hərəkəti xətasız edə bilər. Ancaq bu, belə deyil. Hollovudda bütün çəkiliş heyəti texnika ilə birgə sığortalanır. Bizdə hələki belə sığorta olmur".

 

Onlar təhlükəli kadrların çəkilişi zamanı xüsusi geyimlərdən istifadə edirlər. Xüsusən, yanma səhnələrində üzü qorumaq üçün aktyorun özünə bənzəyən maskalardan, dizlərin zədələnməməsi üçün qoruyucu vasitələrdən istifadə edilir. Kaskadyor, aktyorla boy və ya xarici görkəm baxımından oxşarlıq təşkil etməlidir. Bir sözlə kaskadyorluq işi maraqlı və bu işlə məşğul olan insanlar üçün əsl adrenalin və macəra kimi qəbul edilsə də, həddən artıq təhlükəli iş kimi qiymətləndirilir.

 

"Kaskadyor aktyorun təhlükəsizliyini təmin edən ifaçıdır. O, aktyora oxşamalı, tamaşaçının gözündə fərq hiss etdirməməlidir. Onlar özünü oda alova atır, onlarla metr yüksəklikdən tullanırlar. Və bu riskləri miniumuma endirmək üçün gördüyünüz kimi xüsusi geyimlərdən istifadə edirlər."

Müəllif | Apa.Tv