Lənkəranda turizm sərgisi

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Turizm-İnformasiya Mərkəzi regional turizm sərgisi keçirib. APA TV-nin cənub bürosunun məlumatına görə, şəhərdəki Heydər Əliyev Mərkəzində düzənlənən sərgidə bölgənin turzim potensialı, eyni zamanda folkloru, tətbiqi sənət nümunələri, mədəniyyəti təqdim olunmaqla yanaşı, həmçinin yerli el sənətkarlarının hazırladıqları dulusçuluq nümunələri, növbənöv həsir toxumaları, dəmir məmulatları, müxtəlif formalı beşik və sandıqlar nümayiş etdirilib. Sərginin iştirakçıları eyni zamanda cənub bölgəsində fəaliyyət göstərən otel və istirahət mərkəzlərininin işi ilə də yaxından tanış olublar.

 

Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi İlqar Əzimov bildirib ki, növbəti ildə bu cür sərginin daha geniş formada Bakı, Gəncə və Şəki şəhərlərində təşkil edilməsi nəzərdə tutulub.

 

Sərgi noyabrın 19-da da davam edəcək.

Müəllif | Apa.Tv