"Azərpoçt"un Lənkəran filialına oğrular soxulub
Lənkəranda poçt şöbəsindən oğurluğa cəhd edilib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə "Azərpoçt"un Lənkəran regional filialının Göyşaban kəndində yerləşən poçt şöbəsində qeydə alınıb.
Hadisədən səhər saatlarında xəbər tutulub və bu barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib. Əraziyə baxış keçirən əməliyyat qrupu müəyyən barmaq izləri götürüb.
Sonradan məlum olub ki, oğrular binaya pəncərənin dəmir barmaqlıqlarını sındıraraq daxil olub. Seyfi açan naməlum şəxs və ya şəxslər heç nə əldə edə bilməyib. Əvəzində otaqdakı inventarları yararsız vəziyyətə salıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.