Bakının mərkəzində iki "Volkswagen" toqquşdu, uzun tıxac yarandı

Ötən gecə Bakının mərkəzində "Volkswagen" markalı iki avtomobil toqquşub. APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektində, Qız qalasının qarşısında qeydə alınıb.

 

İlkin ehtimala görə, qəzaya avtomobillərdən birinin yol hərəkəti qaydasını kobud şəkildə pozması səbəb olub. Belə ki, "Volkswagen"lərdən biri Neftçilər prospekti ilə Azneft meydanına doğru hərəkətdə olarkən qarşı zolağa çıxıb. Azneft meydanından Hökumət evi istiqamətində hərəkətdə olan digər avtomobilin sürücüsü qarşıdan gələn maşını gec görüb və qəzadan qaça bilməyib. Nəticədə yol hərəkətini pozan "Volkswagen" digərinin arxa yan tərəfindən vurub və maşının təkəri qopub. Qəza nəticəsində xəsarət alan olmayıb.

 

Qəzadan sonra Neftçilər prospektində tıxac yaranıb. Yol polisi əməkdaşları avtomobillərin hərəkətini nizamlayıblar və qəzaya uğrayan maşınlar evakuasiya edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv