Borc almağa getdiyi qonşusu evdə olmadı, maşınından oğurluq etdi
Bakıda daha bir oğurluq faktının üstü açılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Ötən ay Sabunçu rayonu ərazisində yaşayan Teymur Kərimova məxsus “Opel” markalı avtomobilin qabaq sağ şüşəsi naməlum şəraitdə sındırılaraq, oradan bir ədəd bank kartı oğurlanıb: "Bura qoymuşdum kartlarımı. Gəldim gördüm dağılıb yerə, kartlarım yoxdur. 102 xidmətinə zəng elədim. Dərhal tədbir gördülər".
Baş vermiş hadisə barədə zərərçəkənin Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə şikayət ərizəsi daxil olan kimi dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu, Qazax rayon sakini Vüsal Rəsulov saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib: "Qalxdım yuxarı qonşumdan pul alım borca. Gördüm yoxdur, maşını isə aşağıdadır. Sındırdım şüşəsini, kartı götürdüm. Sabunçuda saldım bankomata, gördüm heç nə yoxdur".
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.