Əli Həsənov: "Hər birimiz missioner olmalıyıq"

"Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika" adlı kitabın təqdimat mərasimi keçirilib. 1987-2011-ci illəri əhatə edən kitab "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qərarı ilə nəşr edilib. Kitabın müəllifi Qarabağ Araşdırmaları Fondunun rəhbəri Elçin Əhmədov, elmi redaktoru isə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdur. Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

 

APA TV-nin xəbərinə görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışıda bildirib ki, ermənilərin Cənubi Qafqazda yeritdiyi güc siyasətinə ağılla, səriştə ilə yanaşmaq lazımdır. O deyib ki, bütün Azərbaycan xalqının qəlbində bir Qarabağ nisgili yaşamaqdadır: "Biz hər birimiz Azərbaycan Prezidentinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində yürütdüyü böyük siyasətə dəstək verməliyik, hər birimiz bir missioner olmalıyıq. Biz Dağlıq Qarabağı təkcə güc yolu ilə deyil, eyni zamanda, ağılla geri qaytarmalıyıq. Hər bir azərbaycanlı öz sahəsində buna dəstək versə, biz bu qələbəni yaxınlaşdırarıq və Ermənistanı fakt qarşısında qoyarıq".

 

Ə.Həsənov qeyd edib ki, ermənilərin Cənubi Qafqazda yeritdiyi təcavüz siyasətinə ağılla, səriştə ilə, intellektlə yanaşmalı və yeri gələndə onlardan daha üstün ağıla, səriştəyə, biliyə, intellektə malik olduğumuzu nümayiş etdirməliyik.

 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, bu kitab istər tarixi faktların bir araya gətirilməsi, istərsə də tarixi xronologiyanın təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. Mübariz Qurbanlı bildirib ki, biz bu cür kitablarla, bu kitabları xarici dillərə tərcümə etdirməklə ermənilərin əsl üzünü dünyaya çatdırmalıyıq.

 

Daha sonra çıxış edən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, bu kitabı nəşr etməklə Azərbaycan üçün, gələcək nəsillər üçün mühüm tarixi bir salnamə ortaya qoyulub. Bu kitab Azərbaycanın ən ağrılı yarası olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələləri özündə əks etdirir. Dövlət münaqişədən əziyyət çəkən insanlara böyük diqqət və qayğı göstərir, onlar üçün yeni qəsəbələr salır, yaşayış şəraitini yaxşılaşdırır, ancaq bütün bunlar Qarabağ ağrısını sağaltmır", - deyən Fəttah Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli ölkələrindən birinə çevrilib və Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək və doğma torpaqlarından didərgin düşmüş bütün insanlar geri qayıdacaqlar.

 

Müəllif | Apa.Tv