Göyçayda nadir hadisə: alça ağacı noyabrda bar verdi

Göyçay rayonunun Çərəkə kənd sakini Toğrul Kərimlinin həyətyanı sahəsində qeyri-adi təbiət hadisəsi baş verib. Soyuq payız günlərini yaşadığımız vaxtda alça ağacı bar verib. APA TV-nin xəbərinə görə, həyətdəki gibrid və şabranı sortundan olan alça ağaclarından yalnız üçü meyvə verib. Hazırda ağaclarda ümumilikdə 20 kiloqrama yaxın məhsul var. Ev sahibinin sözlərinə görə ağaclar 4 ildir ki, əkilib.

 

Alça ağacı yaz aylarında havalar istiləşəndə çiçəkləyir və yayda meyvə dərilir. Bu qayda ilə alça ağacları ildə bir dəfə bar verir. Həmin ağaclarda hər il 30-40 kiloqrama yaxın məhsul olur. Ev sahibinin sözlərinə görə son zamanlar havaların isti keçməsi səbəbindən alça ağaclarında canlanma baş verib. Ağaclar yarpaqlayaraq yenidən çiçəkləyib və bu il ikinci dəfə bar verib.

 

Mütəxəssislərin fikrincə, ümumiyyətlə alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə çiçəkləməyə meyilli olur. Hər il bu ağaclar “yalançı çiçək”lər açır və az sonra tökülür. Amma bu ilki alça çiçəklərinin tədricən meyvəyə çevrilməsi və ağacın bir ildə ikinci dəfə məhsul verməsi qeyri-adi təbiət hadisəsi kimi qiymətləndirilir.

 

Kənd sakinləri bu halın birinci dəfə şahidi olduqlarını söyləyirlər.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov