ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng edib

"Ümidvaram ki, Kipr və Qarabağ kimi dondurulmuş münaqişələr yaxın vaxtlarda  həllini tapacaq".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda ABŞ Dövlət katibi Con Kerri ilə keçirdiyi brifinqdə səsləndirib. O qeyd edib ki, münaqişənin qısa zaman ərzində nizamlanması regiona sülh gətirəcək. Con Kerri isə təmsil etdiyi dövlətin rəsmi Ankara ilə aylardır, Kipr və Qarabağ münaqişələrini müzakirə etdiyini bildirib: "Bütün tərəfləri ortaya çıxan fürsətləri dəyərləndirməyə və yenidən geniş tərkibli görüşlərə başlamağa çağırırıq. Həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın prezidenti  Serj Sarkisyanla əlaqə saxlamışam. Qısa zamanda onlar görüşəcəklər".

 

Noyabrın 19-da Avstriyada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşünün keçirilməsi nəzərdə tutulub. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada baş tutacaq görüşdə Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə mövzusu olacaq.

 

Müəllif | Apa.Tv