Bakı-Qazax sərnişin QATARI REYSİ LƏĞV EDİLƏCƏK

Bakı-Qazax sərnişin qatarı reysi ləğv ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA TV-yə deyir ki, dekabrın 1-dən etibarən Bakı-Qazax-Bakı sərnişin qatarı reysi ləğv edilərək Bakı-Ağstafa-Bakı sürət qatarına birləşdiriləcək. Bu zaman Bakı-Ağstafa-Bakı sürət qatarı Qazax stansiyasınadək uzadılaraq, Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı adlandırılacaq: "Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə noyabrın 30-da, Ağstafadan geriyə isə dekabrın 1-də yola düşəcək. Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı Bakı-sərnişin stansiyasından saat 22:05-də yola düşəcək və Qazaxa saat 09:40-da çatacaq. Qatar Qazaxdan 19:05-də yola düşəcək və Bakı-sərnişin stansiyasına saat 07:25-də çatacaq".

 

Nadir Əzməmmədov deyir ki, atılan addım Azərbaycanda sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. 

 

Dəyişiklik zamanı tariflərə gəlincə, N. Əzməmmədov bildirdi ki, Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarı reysində sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək: "Bu zaman Böyükkəsiyə qədər olan əvvəlki tarif saxlanılacaq. Yəni sərnişinlər Bakı-Tiflis beynəlxalq qatarına minməklə Böyükkəsiyə qədər olan məbləği ödəyəcəklər".  

 

10 vaqondan ibarət olacaq qatarlarda sərnişin sıxlığı yaranan zaman qatara əlavə fakultativ vaqonların da  qoşulacağı nəzərdə tutulur. 

Müəllif | Apa.Tv