Zobu qurbağa ilə müalicə edən həkim

Göyçay sakini qurbağa ilə zob xəstəliyini müalicə edir. Uzun illərdir ki, insanları Çin təbabətinin bu maraqlı üsulu ilə müalicə edən Sahib Əliyev qeyri-adi bacarığı ilə hamını heyrətləndirir. APA TV-nin məlumatına görə, bu qeyri-adi müalicə üsulunu Bolqarıstanda öyrənən Göyçay sakini öz həyətində su hovuzunda bəslədiyi çay qurbağası ilə zob xəstəliyindən əziyyət çəkən insanları müalicə edir. Onun sözlərinə görə, xəstə əvvəlcə ultrasəs müayinəsindən keçirilir və zob xəstəliyi barədə dəqiq diaqnoz əldə edildikdən sonra qurbağa ilə müalicə tətbiq edilir. Həkim qurbağanı hər gün 4 saat ərzində xəstənin boğazına yapışdırmaqla zobun zəhərini çəkir: "Gələn xəstələr şəfa tapıblar. Nəticəsini görüblər. Üç gün qalmaq lazımdır. Bu üç gün müddətində gələn xəstələrimə evdə otaq ayırırıq. Üç gün qalır və müalicə gedir. Bütün bədəndə olan şişləri qurbağa üç gün ərzində çəkir. Bütün zobları - düyünlü, zəhərli zobları bu qurbağa müalicə edir".

 

Sahib Əliyev qeyd etdi ki, bu günədək Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədən gəlmiş 500-ə yaxın xəstəni müalicə edib. O, qurbağadan qorxan pasientləri müalicəyə götürmədiyini deyir. Biıdirdi ki, əli ilə qurbağanı xəstənin boğazına yapışdırdıqdan az sonra qurbağa zobun zəhərini çəkməyə başlayır. Həmin vaxt pasientlə yanaşı, o da özünü narahat hiss edir. Zobun bu yolla müalicə metodunu dəfələrlə övladına və tibb bacısına öyrətmək istədiyini, lakin cəhdinin uğursuz alındığını deyir. Onun sözlərinə görə, bu yolla müalicə çox çətin və məsuliyyətli bir iş olsa da, həmişə prosesi uğurla başa çatdırıb və indiyədək heç bir xəstə aparılan müalicədən narazı qalmayıb.
 

Onun yanında müalicə olunan xəstələr deyir ki, müalicədən sonra ağrıları çəkilib: "Qurbağa ilə müalicə elədi. Əvvəlki ağrılar yoxdur. İndi yaxşıyam".
 

Sahib Əliyev bildirdi ki, zobla əlaqədar ona müraciət edənlər əsasən, əsəbilik, ümumi halsızlıq, iştahasızlıq, əllərdə əsmə-tərləmə, ürək döyüntüsü, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması, ishal, saçlarda quruma və tökülmə kimi problemlərlə qarşılaşdıqlarını bildirirlər. O, son vaxtlar 16 yaşadək uşaqları pulsuz müalicə etdiyini qeyd edib.

Sahib Əliyev bu maraqlı müalicə üsuluna görə “Qızıl qurbağa” mükafatına da layiq görülüb. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov