YOXA ÇIXAN GƏNCİN müəmmalı mesajları

Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi, noyabrın 16-da itkin düşən  Asim Məmmədov elə həmin gün "facebook" sosial səhifəsində qəribə statuslar yazıb. Bu statuslar onun intihar etməsi şübhələrini artırıb.

Asim Məmmədov səhifəsində bunları yazıb: "Qoyun, qılım namazımı, sonra kəsin boğazımı", "Sizin xeyir-duanıza çox-çox ehtiyac duyuram. Rəhman və Rəhim Allahdan istəyirəm ki, xidmət göstərməkdə qüsur və təqsirli olduğuma görə üzrümü qəbul edəsiniz. Millətə ümidvaram ki, xidmət göstərməkdə təqsirli və qüsurlu olduğuma görə üzrümü qəbul edib qüdrət, iradə və qətiyyətlə irəli gedəcəksiniz".

 

Asim Məmmədov noyabrın 16-da internet kluba gedəcəyini deyərək, evdən çıxıb və geri qayıtmayıb. Anası Samirə Məmmədova APA TV-nin əməkdaşlarına evində çəkiliş aparmağa icazə verməsə də, oğlunun yoxa çıxmazdan əvvəl özünü qəribə apardığını deyib. Bildirib ki, son 10 gündə oğlu heç nə danışmayıb. Samirə Məmmədova onu da deyib ki, sosial şəbəkələrdə oğlunun Suriyaya getməsi barədə yayılan xəbərlər yalandır. O, oğlunun belə bir addım atmayacağına əmindir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova