Astara çayı “Made in Azerbaijan” brendi ilə ixrac olunacaq
Astarada may çayının yığımına başlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, ölkəmizdə çayçılığın yenidən dirçəldilməsi və inkişafı istiqamətində atılan addımlar artıq nəticəsini verməyə başlayıb.
Astara çayı “Made in Azerbaijan” brendi altında ixrac edilmək üçün hazırdır. Artıq ilkin sifarişlər də var. Bu il yaz aylarında temperaturun aşağı olması səbəbindən proses bir qədər gec başlayıb. Lakin bu, məhsuldarlığa təsir etməyəcək. Çünki sahələrin əksəriyyəti cavan kollardan ibarət olduğu üçün yığılan çay yarpaqlarının miqdarı ilbəil artmaqdadır. Fermerlər məhsulun bol olduğunu deyir: "İndi, gördüyünüz kimi, məhsuldarlıq ilbəil artır. Sahələrdə də baxırsınız, bol məhsulumuz var. Yaxşı məhsul da gözlənilir. Ümumilikdə götürəndə, hər sahədən 400-500 kq yığmaq mümkündür".
Çay kolları tam məhsuldarlığa 8-9 ildə başlayır. İstehsal olunan məhsulun satışına gəldikdə isə əgər ötən il Astara çayının cəmi 1%-i ixraca getmişdisə, bu il bu rəqəm əhəmiyyətli dərəcədə artıb. Xaricdəki qida sərgilərində təmsil olunan çayımızı sifariş verənlər çoxdur. Mütəxəssislər bunu təsdiq edir: "Hazırda biz Qətər və Almaniyadan sifarişlər almışıq. Çünki keçən il bizim Astara çayı Qətər və Almaniyada qida sərgisində iştirak etdi və orda bizim çaylarımızı bəyəndilər. Bizim də bu il ilk xaricə çıxışımız Qətərlə Almaniyadan başlayacaq".
Almaniya və Qətərlə yanaşı, Rusiyadan da sifariş var. Təxminən builki məhsulun 25-30 faizini ixraca yönəldəcəyik. “Made in Azerbaijan” brendi altında xaricə çıxan çayımıza gələn sifarişləri artırmaq üçün keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi istiqamətində işlər görülür. Xüsusən emal sahəsində. Bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunub. Yaponiyalı və hindistanlı mütəxəssislər bu sahədə köməyini əsirgəməyəcək.
Hazırda Astarada mövcud olan 345 hektar çay sahəsinin gələcəkdə 1000 hektara çatdırılması planlaşdırılır.