Bakıda yol qəzaları və ölümlər artıb - STATİSTİKA

Ölkədə 10 ay ərzində baş verən 2426 yol-nəqliyyat hadisəsi nəticəsində 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA TV-nin xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, paytaxtda 10 ay ərzində baş verən 870 yol-nəqliyyat hadisəsi nəticəsində 282 nəfər həlak olub, 891 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol qəzalarının 35 faizi Bakı şəhərinin payına düşür: "Ölkə üzrə qeydə alınan 1 milyon 200 min nəqliyyat vasitəsinin 62 faizi Bakı şəhərində idarə edilirsə, görün, Bakı şəhərinin küçə və yollarında hərəkətlə bağlı nə qədər gərgin vəziyyət yaranır. İlin əvvəlindən bu günə kimi Bakı şəhəri üzrə 909 yol qəzası baş verib ki, nəticədə 294 nəfər ölüb, 947 nəfər xəsarət alıb. Paytaxtda ötən illə müqayisədə 16 yol-nəqliyyat hadisəsi artıb. Nəticədə dörd ölüm, 19 xəsarətdə artım təşkil edir ki, bu da hər birimizi həyəcanlandırmalıdır ".

 

Bu ilin əvvəlindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı yol polisi əməkdaşları tərəfindən 677 mindən artıq inzibati protokol tərtib edilib. Onlardan 122 mini piyadalarla bağlıdır. Vaqif Əsədov bildirib ki, görülən tədbirlər nəticəsində piyadaların iştirakı ilə baş verən yol qəzalarının sayı nisbətən azalıb: "İlin əvvəlindən bu günə Bakı şəhəri üzrə qeydə alınan yol qəza hadisələrində sürət həddi aşılması öndə durur. Yəni 51 faiz birbaşa avto-nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsidir. 46 faiz təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması, 27 faizi isə yol ayrıclarının təhlükəli manevr qaydalarının pozulması nəticəsində olan hadisələrdir ki, istər-istəməz bu da hər birimizi narahat etməlidir".

 

Noyabrın 19-u - Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə "Jurnalistika və İnkişaf Mərkəzi"nin rəhbəri Elməddin Muradlı, millət vəkili Jalə Əliyeva və digərləri mövzu ətrafında geniş çıxış ediblər.

Müəllif | Apa.Tv