Qubada sakinləri təşvişə salan "qonaq"

Quba rayonun Zərdabi qəsəbəsində “çağırılmamış qonaq” bir neçə gündür ki, sakinlərin rahatlığını pozur.

 

Qəsəbə sakini Azad Ağayev deyir ki, bu insan oğru deyil: "Oğru evə girər, nəsə aparar,oğurlayar. Amma bu, nədir, bilinmir, elə ən təhlükəlisi də budur. Evdə ailə var,uşaq var".
 

APA TV-nin xəbərinə görə, qəsəbənin digər sakinləri də bir neçə gündür, Azad Ağayev kimi narahatdır. Onların narahatlığına səbəb son günlər evlərinə daxil olan çağırılmamış qonaqdır. Həmin şəxs evlərə oğurluq məqsədi ilə girmir. Qəsəbə sakinləri bu fikirdədir. Çünki hadisə şahidləri onun evlərdən hər hansı bir əşya aparmadığını bildirir.
Naməlum şəxs gecə saatlarında qəsəbə sakini Saleh Cəfərovun da həyətinə daxil olub. Buna qədər isə o, daha bir neçə evə nəzər yetirməyə imkan tapıb.
 

Sakinlər deyir ki, adam hamını vahiməyə salıb.
 

"Səyahət"ini davam etdirən şəxs daha sonra Azad Ağayevin həyətinə daxil olub. Amma ev sahibi cəld tərpənib və səs eşidən kimi həyətə çıxıb. Evin sahibini görən həmin şəxs aradan çıxmağa çalışıb. Azad Ağayev onu təqib edib. Canını qurtarmağa çalışan şəxs bir qədər aralıqda olan ikimərtəbəli yaşayış binasının blokuna girib və ikinci mərtəbədəki mənzillərdən birinə daxil olub. Dərhal polis əməkdaşlarına hadisə ilə bağlı məlumat verilib. Polislər gələnə kimi isə pəncərədən tullanaraq, qaçıb.
 

Təqdim olunan faktlar və qəsəbə sakinlərinin şikayəti əsasında evləri gəzən adamın kimliyi müəyyənləşib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Şəxsiyyəti müəyyənləşdirilən çağırılmamış "qonağ"ın kimliyi açıqlanmayıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşları baş verənləri əhəmiyyətsiz adlandıraraq, həmin şəxsin kimliyi və aparılan araşdırmalar haqqında informasiya verməkdən imtina ediblər.
 

Müəllif | Apa.Tv
Vəli Turan