Lənkəranda ana və 3 övladı zəhərləndi

Lənkəranda gənc ana və 3 övladı zəhərlənib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəranın Tütəpeşdə kəndində qeydə alınıb.

 

Kənd sakinləri 31 yaşlı Leyla Mehdizadə, onun övladları - 14 yaşlı Nərmin, 13 yaşlı  Nigar və 9 yaşlı Elmar Abbaszadə zəhərlənmə əlamətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlum olub ki, axşam saatlarında elektrik enerjisi kəsildiyindən, ev sahibləri evin altındakı generatoru işə salıblar. Generatordan çıxan qaz evdəki dörd nəfəri zəhərləyib.

 

Hadisədən ilk xəbər tutan uşaqların babası Akif Abbasov olub: "Hadisə dünən olub. İşıq yox idi. Uşaqlar dedi, baba motoru yandır, televizora baxmaq istəyirik. Motoru bir az işlətdik, benzin qurtardı, gedib benzin aldım, gətirib yenə işə saldım. Normal işləyirdi. Getdim öz evimə, mənim evim yaxındır. Baxdım, 12-də görüm işıq sönüb, motor da sönüb. Səhər sübh gördüm ki,  mənim balaca nəvəm gəldi. Dedi ay baba, öldüm, mənə su ver. İki stəkan kran suyu verdim. Soruşdum nə olub? Dedi zəhərlənmişik".

 

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib. Birinin vəziyyəti orta ağırdır, digər iki nəfər isə ambulator müalicəyə buraxılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv