QUBADA PARTLAYIŞ: 72 yaşlı qadın ölümcül yaralandı
Quba rayonunda yaşayış evində partlayış olub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının, 4-cü mənzilində qeydə alınıb. Hadisə şahidləri partlayışın təsir gücünün yüksək olduğunu bildirib. Hadisə şahidləri partlayışın çox güclü olduğunu deyiblər
Partlayış nəticəsində 72 yaşlı Səbirə Kərimova müxtəlif bədən xəsarətləri alaraq, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkim Ayaz Səfərov bildirib ki, xəstənin vəziyyəti ağırdır. İlkin ehtimallara görə, hadisənin baş vermə səbəbi qaz sızmasıdır. Quba Qaz istismar sahəsinin şöbə rəisi Mayıl Şıxıyev bildirib ki, abonent mavi yanacaqdan rezin borular vasitəsilə istifadə edib. Mayıl Şıxıyev qeyd edib ki, idarənin əməkdaşı evin yiyəsinə bir neçə dəfə xəbərdarlıq edib, vaxt qoyub ki, rezin borunu dəyişsin. Dəyişilməyən rezin borular nəticədə bu hadisəyə səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.