Azərbaycanda "Avro-3" standartına uyğun benzin 2015-ci ildə istehsal olunacaq

Azərbaycanda "Avro-3" standartlarına cavab verən benzinin istehsalı 2015-ci ilə planlaşdırılır. APA TV-nin xəbərinə görə, bunu Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov deyib. Yanacağın keyfiyyətinin sonralar "Avro-4" və "Avro-5" standartlarına qədər artırılması Şirkətin Bakının Qaradağ rayonunda tikintisi planlaşdırılan yeni neft və qaz emalı üzrə neft-kimya kompleksini istismara verməsindən sonra mümkün olacaq: "Ölkəyə daxil olan bütün avtomobillər standarta cavab verməlidir. Müxtəlif ölkələrdə bu standartlara keçid müxtəlif cür olur. Bir çox ölkə 1998, 2005-ci illərdə bu standarta keçib. Bizdə isə yanvarın 1-dən “Avro-3” standartına keçiləcək və ilindən asılı olmayaraq mühərriki bu standarta uyğun gələn avtomobillər istifadə ediləcək".

 

David Məmmədov həmçinin bildirib ki, hazırda Azərbaycanda istehsal olunan benzin daxili təlabatı tam ödəyir. Buna baxmayaraq, Azərbaycanda benzinə təlabat 2012-ci ilə nisbətən bu il 10.2 faiz artıb və bu artım davamlı olarsa, gələn il Azərbaycanda benzin təchizatında böyük gərginlik yarana bilər. Məhz buna görə, Dövlət Neft Şirkəti 2013-cü ilin 3-cü yarısından benzin ixracını dayandırıb.

 

Yeni Qaradağ Neft və Qaz Emalı Zavodunun 2023-2025-ci ilə kimi tam istifadəyə veriləcəyini vurğulayan David Məmmədov bildirib ki, gələn ildən şirkətə məxsus xam neft tam şəkildə emal olunacaq.

Müəllif | Apa.Tv