Cəlilabadda mal-qara oğruları ələ keçdi
Cəlilabadda uzun müddətdən bəri mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. APA TV-nin məlumatına görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı cinayətkar dəstənin həmçinin ayrı-ayrı vaxtlarda dükan-mağazalardan, poçt şöbələrindən də oğurluq etdiyi üzə çıxıb. Dəstə üzvləri rayonun Sabirabad kənd sakini Oqtay Əmənova məxsus örüş sahəsindən 6 baş iribuynuzlu mal-qaranı aparmaq istəyərkən yerli sakinlər buna mane olublar. İfşa olunacaqlarından qorxuya düşən oğrular qaçıb aradan çıxıblar. Hadisə barədə Rayon Polisi məlumatladırılıb. Qısa müddətdə əvvəlcə Cəlilabad rayon sakini, 20 yaşlı Araz Mahmudov, daha sonra dəstənin digər üzvləri, rayon sakinləri - 23 yaşlı Elçin Hacıbala oğlu Məmmədov, 26 yaşlı Kamal Əbülfəz oğlu Əliyev, 25 yaşlı Camal Əbülfəz oğlu Əliyev və Şamxal Elmar oğlu Niftullayev, 17 yaşlı Nahid Kamal oğlu Məmmədov yaxalanaraq polis şöbəsinə gətiriliblər. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin rayon sakinlərinə məxsus iribuynuzlu mal-qaranı oğurlamaqla yanaşı, ayrı-ayrı vaxtlarda rayonda yerləşən dükan-mağazaları, poçt məntəqələrini qarət etdikləri də məlum olub. Nəticədə ayrı-ayrı vətəndaşlara xeyli miqdarda maddi ziyan dəyib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.