Bakıya GİRİŞ-ÇIXIŞ BAĞLANACAQ

Noyabrın 22-də Bakıda növbəti dəfə avtoralli şousu nümayiş olunacaq. Bunun üçün artıq bir sıra küçələrdə beton dəmir konstruksiyalar quraşdırılıb. Avtomobillərin yarışı üçün Hökumət Evindən Lökbatan dairəsinə kimi təhlükəsizlik sədləri çəkilib. Maşınlar Xəzər dənizi boyunca uzanan 4 km uzunluğundakı yolda yarış dairəsində düzüləcək.

 

APA TV-nin xəbərinə görə, bu müddətdə qonaqların qəbulu, yarışın başlanması, parad, seçim və final mərhələlərinin keçirilməsi ilə bağlı paytaxtın Mikayıl Hüseynov, Qurban Abbasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəyov Qardaşları, Aydın Məmmədov və Əli Nəzmi küçələri istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi keçiriləcək tədbirin mahiyyətini nəzərə alaraq, yarış keçiriləcək istiqamətlərdə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün xəbərdarlıq edib. Sürücülərdən xahiş olunur ki, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.

 

Dünya avtomobil yarışında Fransa, İtaliya, İspaniya, Almaniya və s. kimi ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaq. Avtomobillər bir neçə dəfə dövrə vuraraq, təyin edilmiş 8 km-lik marşrut boyu hərəkət edəcək. Tədbir çərçivəsində 13 ədəd "Formula 1" tipli yarış avtomobilləri şou nümayiş etdirəcək. Artıq avtomobillər yarış meydançasına gətirilib və oyunlarla bağlı son hazırlıqlar həyata keçirilir.

 

Müəllif | Apa.Tv