Diaspor rəhbəri: "Azərbaycanlılara ciddi təzyiqlər var"

Ukraynada evinə basqın edilən azərbaycanlı iş adamı Şahin Məmmədov həbs edilib. Bunu APA TV-yə Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin rəhbəri Rasim Uğurluyev bildirib. Onun sözlərinə görə, Luqansk şəhərində azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə basqın olayından sonra vilayət azərbaycanlılarının diaspor rəhbərinə və azərbaycanlılara qarşı təzyiqlər başlayıb:  “Həmin axşam milis xüsusi təyinatlıları səbəbsiz yerə, sanksiyasız evimə basqın etdi, evimi alt-üst etdilər, bütün hər tərəfdə axtarış axtardılar. Özümü də əllərim qandallı şəkildə şəhər milisinə apardılar. Gece orda nə qədər cəhd etdimsə, bura gətirilmə səbəbimi öyrənə bilmədim".

 

Rasim Uğurluyev deyir ki, başına gətirilənlərin qanunsuz olduğunu dedikdə isə təzyiq göstərib susmağını tələb ediblər. Şahin Məmmədov barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb: "Halbuki onun evinə basqın olub və o, özünü müdafiə edərkən açdığı atəş nəticəsində güllə dəyən adam xəstəxanada keçinib. Amma işi elə açıblar ki, guya qəsdən öldürüb".

 

Rasim Uğurluyev onu da bildirdi ki, hadisə bir qədər də dərinləşsə bununla bağlı vilayət azərbaycanlıları Ukrayna Prezident Administrasiyasına, Ali Radaya və Respublika Prokurorluğuna müraciət edəcəklər. 

 

Noyabrın 16-da Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Ş.Məmmədovun evinə xeyli sayda maskalı şəxslər tərəfindən basqın olub. Basqın zamanı baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb.

 

Müəllif | Apa.Tv