Azərbaycan prezidenti qalib şahmatçılarımızı qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul edib. Qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən prezident bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğulayıb. Dövlət başçısı qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirib. Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan prezident İ. Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu deyib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirib. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söyləyib, şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv